Vüqar Mürsəlov

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlmişdir.

1980-ci ildəGöytəpə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumunu əla qiymətlərlə başa vurur və Belorusiyanın Brest şəhərinə hərbi xidmətə göndərilir.

Qvardiya baş çavuşu, tankçı adları ilə ordudan tərxis olunur. Göytəpə Avtomobil Təmiri Zavodunda öz txtitsası üzrə əmək fəaliyyətinə başlayır.

1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm-dirim mübarizəsinə qalxır.

Vüqar Mürsəlov 1992-ci il 9 iyunda Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.

Subay idi.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində adına küçə var.